“Gəncə” voleybol klubu Azərbaycan Yüksək Liqasında növbəti qələbəsini qazanıb.Sportaze.az xəbər verir ki, Gəncə təmsilçisi çempionatın XI turunda Bakıda, GİN-in Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” VK-nın qonağı olub.
Meydan sahibləri oyuna fəal başlayıblar və ilk seti 26:24 hesabı ilə üstün başa vurublar. Ardıcıl iki setdə “Gəncə” VK 25:19 və 25:15 hesabı ilə qalib gələrək hesabda önə keçib. Dördüncü setdə “Milli Aviasiya Akademiyası” VK üstün oyun nümayiş etdirib – 25:19. Oyunun qalibi tay-brekdə müəyyənləşib. Həlledici setdə 15:11 hesablı qələbə qazanan “Gəncə” səfər oyunundan qalib ayrılıb – 3:2.
Xallarının sayını 26-ya çatdıran (9 qələbə) “Murov Az Terminal” turnir cədvəlində liderliyə yüksəlib. “Azərreyl” 24 xalla (8 qələbə) ikinci, “Abşeron” 21 xalla (7 qələbə) üçüncü, “Gəncə” 15 xalla (5 qələbə) dördüncü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) beşinci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.