DataLife Engine / Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir

Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir.

Bu sözləri Sportaze.az saytına Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. Həmçinin Azərbaycan bu günü Avropanın bir çox ölkəsindən daha əvvəl təsis edib. Ölkəmizdə Gənclər Günü BMT-dən iki il əvvəl təsis edilib. Bu günün təsis olunmasından ötən 27 illik dövrə nəzər yetirdikdə Azərbaycanda gənclər siyasətinin bütün istiqamətlərdə kifayət qədər inkişaf etdiyini görmək olar.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan deputat deyib: “Ulu Öndər gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib”.

Milli Məclisin deputatı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 

Son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycanda könüllülük fəaliyyətində gənclərin də böyük payı olduğunu deyən Müşfiq Cəfərov ölkəmizin ev sahibliyi etdiyi bir sıra mötəbər tədbirlərə - “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər kütləvi idman tədbirlərinə on minlərlə könüllünün cəlb olunduğunu bildirib. O, bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü gənclər bazası formalaşdığını qeyd edib.

Gənclərimizin beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmələrinin, xaricdə təcrübə keçmələrinin, təhsil almalarının da həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulayan F.Cəfərov qeyd edib: “Dövlət gənclər siyasətinin ən böyük uğuru Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində vətənpərvər gənc nəslin yetişməsidir”.

“Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 50-dək Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır”,   -deyə Milli Məclisin deputatı əlavə edib.

Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissinin artdığını diqqətə çatdıran Müşfiq Cəfərov vurğulayıb ki, gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Bu gün Azərbaycanın inkişafı hərtərəfli səciyyə daşıyır. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanı regionun lider dövləti səviyyəsinə yüksəldib. Azərbaycanın iqtisadi sahədə qazandığı möhtəşəm uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Ölkə həyatının bütün sahələrində əldə olunan bu uğurların arxasında Prezident İlham Əliyevin gərgin fəaliyyəti, milli maraqları qətiyyətlə qoruması amili dayanır. Ölkəmizdə bərqərar olan güclü xalq-iqtidar həmrəyliyi fevralın 7-də Prezident seçkilərin nəticələrinə öz müsbət təsirini göstərəcək. Respublikamızda qazanılan uğurları, ölkəmizin firavanlığını nərəzə alaraq fevralın 7-də bütün gəncləri cənab İlham Əliyevə səs verməyə çağırıram.

Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.


2-02-2024, 16:03
Вернуться назад